Dünya Bankı Azərbaycana karbon qiymətqoyma alətlərinin tətbiqinə karbon vergisi ilə başlamağı tövsiyə edir

Energetika
  • 30 may, 2025
  • 15:47
Dünya Bankı Azərbaycana karbon qiymətqoyma alətlərinin tətbiqinə karbon vergisi ilə başlamağı tövsiyə edir

Əgər Azərbaycan hökuməti karbon qiymətqoyma alətlərini tətbiq etmək qərarına gəlsə, tövsiyə olunur ki, bu, bütün yanacaq növlərinin iqtisadiyyata daxil olduğu nöqtədə (upstream) karbon tərkibinə əsasən tətbiq edilən karbon vergisi ilə başlasın və mövcud aksiz vergisi sistemi vasitəsilə icra olunsun.

“Report” xəbər verir ki, bunu Dünya Bankının heyət rəhbəri Yasemin Orucu bankın təşkilatçılığı ilə 29–30 may 2025-ci il tarixlərində Bakıda keçirilən karbon qiymətqoyma strategiyaları və beynəlxalq karbon bazarları üzrə iki günlük seminarda bildirib.

“Bu, ümumi emissiyaların 60 %-ni əhatə edəcək. Zamanla Azərbaycan bu verginin əhatə dairəsini genişləndirərək emissiyaların ticarəti sisteminə keçidi nəzərdən keçirə bilər. Bu yanaşmanın əsas komponenti isə əldə olunan gəlirin mümkün qiymət artımını kompensasiya etmək üçün aşağı gəlirli ailələrə nağd transferlər vasitəsilə dəstək məqsədilə istifadə olunmasıdır”, - o vurğulayıb.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli maraqlı tərəflər və müstəqil ekspertlər iştirak ediblər.

Seminarın məqsədi Azərbaycanın fiskal dayanıqlılığını gücləndirmək, iqtisadi şaxələndirməni təşviq etmək və iqlim öhdəliklərini yerinə yetirmək üçün karbon emissiyalarına effektiv qiymətqoyma və qlobal karbon bazarlarında iştirak sahəsində səyləri dəstəkləmək olub.

Seminarın birinci günündə Dünya Bankının ekspertləri karbon vergiləri və emissiyaların ticarəti sistemləri də daxil olmaqla karbon qiymətqoyma mexanizmlərinin əsas anlayışlarını təqdim edib, qlobal tendensiyalar və ən yaxşı təcrübələri vurğulayıblar. Sonrakı sessiyalarda çıxışçılar Azərbaycanın Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) kimi beynəlxalq mexanizmlərə məruz qalması və karbon qiymətqoymasından gəlir əldə etməklə yanaşı, xarici xərclərin risklərindən yayınmaq imkanları barədə danışıblar. İnkişaf etməkdə olan ölkələrin təcrübələri Azərbaycanın bu mexanizmlərin tətbiqi və karbon qiymətləndirmə gəlirlərinin səmərəli istifadəsi baxımından faydalı ola bilər.

Seminarın ikinci günü beynəlxalq karbon bazarlarına həsr olunub və Azərbaycanın qlobal çərçivələrdə iştirak etməyə hazırlığı qiymətləndirilib. Dünya Bankının nümayəndələri əsas bazar mexanizmləri üzrə ətraflı icmal təqdim edib və karbon ticarəti və əməkdaşlıq sahəsində son qlobal proseslər barədə məlumat veriblər. Azərbaycanın siyasət, institusional və infrastruktur çərçivəsinin boşluq təhlilini əhatə edən ətraflı hazırlıq qiymətləndirməsi təqdim olunub. Komanda həmçinin Dünya Bankının karbon bazarlarında fəaliyyət üzrə əsas prinsipləri və təsirin yumşaldılması fəaliyyətinin qiymətləndirilməsi protokolunu təqdim edib.

44 filmi