"Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilən azsaylı ölkələrdən biridir" - RƏY

Energetika
  • 02 iyun, 2026
  • 12:35
Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilən azsaylı ölkələrdən biridir - RƏY

Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilən azsaylı ölkələrdən biridir.

Bunu "Report"a açıqlamasında deputat Pərvanə Vəliyeva Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu gün həm regional, həm də qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktorlardan birinə çevrilib: "Qlobal enerji sistemləri dərin transformasiya mərhələsindən keçir. Belə bir dövrdə Azərbaycan yalnız bu dəyişikliklərə uyğunlaşmır, həm də onları formalaşdıran ölkələrdən biri kimi çıxış edir. Bunlar, son 30 ildə həyata keçirilən dayanıqlı və praqmatik enerji siyasətinin nəticəsi kimi dəyərləndirilir. Bu dövr ərzində Azərbaycan çoxsaylı çağırışlar və maneələr qarşısında qalıb. Elə mühüm enerji layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istifadəyə verilməsi o dövr üçün mümkün olmayanı reallaşdırmaq demək idi. Mürəkkəb regional geosiyasi şəraitdə həyata keçirilən bu layihə bütünlüklə Ulu Öndər Heydər Əliyevin əzmkar, qətiyyətli mövqeyi və beynəlxalq nüfuzu sayəsində ərsəyə gəlib. BTC Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi əlaqələri gücləndirərək dünya bazarlarına birbaşa çıxış yaratdı və mühüm geosiyasi və regional enerji təhlükəsizliyi layihəsinə çevrildi. Gələn ayın 13-də BTC-nin istifadəyə verilməsinin artıq 20 illiyi qeyd olunacaq. Bu kəmər sözün həqiqi mənasında Xəzər enerjisinin beynəlxalq bazarlara çıxarılmasının ən effektiv vasitələrindən biridir".

Azərbaycanın təbii qaz tədarükü ilə də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini xatırladan deputat bərpaolunan enerji sahəsində ölkəmizlə əməkdaşlığın Aİ-nin prioritetləri sırasında olduğunu diqqətə çatdırıb: "Bərpa olunan enerji mənbələrinin geniş tətbiqi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Prezidentin 29 may 2019-cu il tarixli sərəncamı ilə enerji bazarında liberallaşma, rəqabətin artırılması və yaşıl enerjiyə keçidin hüquqi əsası formalaşdırılıb. Qəbul edilmiş "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanun bu sahədə hüquqi, iqtisadi və təşkilati əsasları, həmçinin yaşıl enerjinin təşviq edilməsi üçün dəstək mexanizmlərini tənzimləyən mühüm normativ baza kimi çıxış edir".

Azərbaycanın 4 yaşıl enerji dəhlizi layihəsi üzərində çalışdığını deyən P. Vəliyeva bu layihələrin Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizinin formalaşmasına xidmət etdiyini vurğulayıb: "Azərbaycan regionun enerji "hub"ına çevrilir. Ölkəmiz bu istiqamətdə Mərkəzi Asiyanı Avropaya bağlayır. Azərbaycan-Qazaxıstan-Özbəkistan yaşıl enerji layihəsinin işə düşməsi ilə, ölkəmiz Mərkəzi Asiyadan "təmiz enerji" də Avropaya ötürə biləcək. Beləliklə, Azərbaycan etibarlı qlobal enerji tərəfdaşı adı qazanıb".

44 - Tezliklə