DB: “Hidrogen Azərbaycanın beynəlxalq ixrac rəqabətqabiliyyətliliyində mühüm rol oynaya bilər”
- 30 sentyabr, 2022
- 15:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Aşağı karbonlu hidrogen (LCH) Azərbaycanın gələcək beynəlxalq ixrac rəqabətqabiliyyətliliyində mühüm rol oynaya bilər, çünki dünya bazarları getdikcə aşağı karbon tutumlu enerji resursları axtarır.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının (DB) araşdırmasında deyilir.
“Əhəmiyyətli həcmdə bərpa olunan resursların (məsələn, dəniz küləyi), təbii qazın mövcudluğunu, karbon tutma və saxlama (CCS) potensialını, yaxşı inkişaf etmiş infrastrukturu və əsas bazarlara yaxınlığı nəzərə alaraq, Azərbaycan LCH iqtisadiyyatını inkişaf etdirə və LCH və onun törəmələrinin mühüm istehsalçısına çevrilə bilər”, - hesabatda deyilir.
Araşdırma müəlliflərinin fikrincə, texnologiya və innovasiya aşağı karbonlu iqtisadiyyata keçid üçün ilkin şərtlərdir. “Milli davamlı inkişaf konsepsiyasında bu, gizli prioritet olsa da, Azərbaycan iqtisadiyyatı neft sektorundan yüksək dərəcədə asılı olaraq qalır”, - hesabatda vurğulanır.
DB hesab edir ki, Azərbaycanın ortamüddətli perspektivi neft-qaz bazarlarında və regional geosiyasətdə ənənəvi tələb/təklif tərəddüdlərini izləyəcək: “Lakin uzunmüddətli perspektivdə “yaşıl” iqtisadiyyatın diversifikasiyasına strateji oriyentasiya qeyri-neft sektorunun inkişafına istiqamət verəcək. Azərbaycan hökuməti etiraf edir ki, iqlim dəyişikliyi ilə bağlı fəaliyyət təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadənin təşviqinə, çirklənmiş ərazilərin reabilitasiyasına və tullantıların azaldılmasına əsaslanmalıdır. Bu baxımdan, seçilmiş prioritetlərə yüksək keyfiyyətli ekoloji mühitin, “yaşıl” enerji məkanlarının yaradılması və ya inkişafı milli inkişaf strategiyaları və prioritetləri əsasında ağıllı şəhər və kəndlərin tikintisi daxildir”.
Araşdırmaya görə, dayanıqlı və “yaşıl” iqtisadiyyata doğru sistemli dəyişikliklərin edilməsi qiymət dəyişkənliyi, xərclərin rəqabət qabiliyyəti risklərinin qiymətləndirilməsi və bazarın keçid texnologiyalarına olan iştahının yoxlanılması ilə başlayır.
Bu qlobal tendensiyaları və çağırışları qəbul edən Azərbaycan hökuməti ölkənin uzunmüddətli inkişafını 2021-2030-cu illər üçün milli prioritetlərinə uyğun gələn beş sütun əsasında sosial-iqtisadi və ekoloji cəhətdən dayanıqlı inkişaf yoluna çıxarıb. Azərbaycanın 2030-cu il Gündəliyi üzrə öhdəliklərinə uyğun olaraq, bu prioritetlərə aşağıdakılar daxildir: 1) davamlı və artan rəqabətqabiliyyətli iqtisadiyyat; 2) inklüzivliyə və sosial ədalətə əsaslanan cəmiyyət; 3) rəqabət qabiliyyətli insan kapitalı və müasir innovasiyalar üçün məkan; 4) azad edilmiş ərazilərə böyük qayıdış; 5) təmiz ətraf mühit və ölkənin “yaşıl” inkişafı.
“Azərbaycan işğaldan azad edilmiş ərazilərində təkcə özü üçün deyil, həm də region üçün yeni iqtisadi imkanlar yaratmağa çalışır. Bu baxımdan işğaldan azad edilmiş və münaqişədən zərər çəkmiş ərazilərin davamlı əsaslarla bərpası, yenidən qurulması və reinteqrasiyası yaxın illərdə ölkənin inkişafının əsas prioritetlərindən birinə çevriləcək”, - bankın analitikləri hesab edir.
Bundan əlavə, araşdırma göstərir ki, Azərbaycan artan investisiyalar sayəsində ətraf mühit və əhalinin sağlamlığı üçün geniş spektrli üstünlüklər əldə edə bilər. Bu da “yaşıl”, yüksək ixtisaslı və yaxşı maaşlı iş yerlərinin yeni dalğasını yarada bilər: “Beləliklə, Azərbaycan daha “yaşıl” iqtisadi diversifikasiyaya doğru hərəkət edərkən neftə əsaslanan artım yollarının yenidən yaradılmasının qarşısını almaqla bağlı öhdəliklərini yerinə yetirə biləcək”.