Daha bir ölkə Azərbaycandan sürtkü yağları almağa başlayıb

Energetika
  • 13 sentyabr, 2022
  • 10:51
Daha bir ölkə Azərbaycandan sürtkü yağları almağa başlayıb

2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan 15,735 milyon ABŞ dolları dəyərində 13 min 982 ton sürtkü yağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26 % çoxdur, kəmiyyət olaraq – 16,5 % azdır.

Türkiyəyə 9,31 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 75,2 % artıb) 9 min 284 ton (+13,3 %), Ukraynaya 1,299 milyon ABŞ dolları dəyərində (-68,1 %) 1 min 099 ton (-79,7 %), İraqa 1,256 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 885,1 ton (+94,5 %), Moldovaya 763,49 min ABŞ dolları dəyərində (+53,2 %) 546,13 ton (+37 %), İtaliyaya 676,14 min ABŞ dolları dəyərində 501 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bosniya və Herseqovinaya tədarük həyata keçirilib. Bu ölkəyə 621 min ABŞ dolları dəyərində 440 ton yanacaq göndərilib.

Hesabat dövründə Azərbaycana xaricdən 57,106 milyon ABŞ dolları dəyərində 29 min 801 ton sürtkü yağı gətirilib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 47,8 % və 63,2 % çoxdur.

Türkiyədən 16,553 milyon ABŞ dolları dəyərində (+82,3 %) 6 min 535 ton (+59,2 %), Rusiyadan 10,318 milyon ABŞ dolları dəyərində (+32,4 %) 8 min 661 ton (+53,5 %), Almaniyadan 9,694 milyon ABŞ dolları dəyərində (+12,4 %) 2 min 644 ton (+5,1 %), Türkmənistandan 5,402 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 6 min 576 ton (+21 dəfə), Belçikadan 2,457 milyon ABŞ dolları dəyərində (+8,2 %) 768 ton (+7,3 %) məhsul alınıb.