CPC səhmdarları “Kropotkinskaya” stansiyasının təmirinə dəstək verməyə hazırdırlar

Energetika
  • 26 fevral, 2025
  • 14:01
CPC səhmdarları “Kropotkinskaya” stansiyasının təmirinə dəstək  verməyə hazırdırlar

Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) səhmdarları 2025-ci il fevralın 17-də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan “Kropotkinskaya” neft nasos stansiyasının təmirinə dəstək verməyə hazır olduqlarını bildiriblər.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bu məsələ fevralın 25-26-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən CPC səhmdarlarının iclasında müzakirə olunub. Görüşdə konsorsium obyektinə edilən hücum və nasos stansiyasının bərpası məsələləri diqqət mərkəzində olub.

“Transneft” şirkətinin nümayəndələri bu terror aktı ilə bağlı narahatlıqlarını ifadə edərək, beynəlxalq hüququn qoruduğu CPC obyektlərinə bu cür hücumların yolverilməz olduğunu vurğulayıblar.

Məlumata görə, CPC-nin baş direktoru Nikolay Qorban səhmdarlara neft nasos stansiyasına dəymiş ziyan, avadanlığın cari vəziyyəti, zədələnmiş avadanlığın sökülməsi və podratçıların səfərbərliyi barədə məruzə təqdim edib.

Səhmdarlar təmir işlərinin təxminən iki ay davam edəcəyini və bu prosesdə lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, 2025-ci il fevralın 17-də Rusiyanın Krasnodar diyarında yerləşən CPC-nin neft nasos stansiyası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və istismardan çıxıb. Hücum nəticəsində obyektə ciddi ziyan dəyib.