Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 10 % artıb
- 04 may, 2023
- 14:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac üçün gündəlik orta ötürücülük gücü 61,6 milyon kubmetr olub ki, bu da 2022-ci ilin eyni dövrün göstəricisi ilə müqayisədə 5,4 milyon kubmetr və ya 9,61 % çoxdur.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından bu ilin birinci rübünün yekunları ilə bağlı yaydığı hesabata istinadən xəbər verir.
Hesabata görə, CQBK kəmərinnin əməliyyat xərcləri təqribən 20 milyon ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin birinci rübünün nəticələri ilə müqayisədə 6 milyon ABŞ dolları və ya 42,8 % çoxdur.
Boru kəmərinin əsaslı xərcləri 2 milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin birinci rübün göstəricilərinə nisbətən 1,7 milyon ABŞ dolları və ya 6,7 dəfə azdır.
Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBK-nin genişləndirilməsi layihəsi çərçivəsində isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.
Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), TPAO (19 %), NİKO (10 %) çıxış edirlər.