Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri 33 %-dən çox artıb
- 09 fevral, 2023
- 13:29
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci il ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 72 milyon ABŞ dolları əməliyyat xərcləri sərf edilib.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2022-ci ilin yekunları ilə bağlı yaydığı hesabata istinadən xəbər verir.
Bu, 2021-ci ilin nəticələri ilə müqayisədə 18 milyon ABŞ dolları və ya 33,3 % çoxdur.
Ötən il boru kəmərinin əsaslı xərcləri 5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin göstəriciləri ilə müqayisədə 7 milyon ABŞ dolları və ya 2,4 dəfə azdır.
2022-ci il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 57,4 milyon kubmetr olub ki, bu da 2021-ci ilin göstəriciləri ilə müqayisədə 8,9 milyon kubmetr və ya 18,4 % çoxdur.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) qaz sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), SOCAR (14,35 %), "SGC Midstream" (6,7 %), "Lukoil” (19,99 %), NİCO (10 %) və TPAO (19 %) şirkətləri çıxış edir.