“Cənub Qaz Dəhlizi”nin xalis mənfəəti 34 % artıb

Energetika
  • 15 iyul, 2025
  • 10:12
“Cənub Qaz Dəhlizi”nin xalis mənfəəti 34 % artıb

2024-cü ildə “Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin xalis mənfəəti 1 milyard 711,063 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-ci illə müqayisədə 33,9 % çoxdur.

“Report” bu barədə şirkətin audit edilmiş illik maliyyə hesabatlarına istinadən xəbər verir.

Ötən il SGC-nin satışdan gəlirləri 3 milyard 249,551 milyon ABŞ dolları (5,9 % çox), satışın maya dəyəri 705,135 milyon ABŞ dolları (15,2 % çox) təşkil edib.

2024-cü ilin sonunda şirkətin əməliyyat mənfəəti 2 milyard 38,748 milyon ABŞ dolları (1,6 % çox) təşkil edib. Eyni zamanda, SGC-nin maliyyə xərcləri 390,063 milyon ABŞ dolları (30,5 % az) olub. Ümumilikdə, şirkətin ötən ilin sonunda vergidən əvvəlki mənfəəti 1 milyard 877,2 milyon ABŞ dolları (14,8 % çox) təşkil edib.

Hesabatlara əsasən, 2024-cü ilin sonuna SGC-nin aktivləri 13 milyard 509,789 milyon ABŞ dolları (11 % az), o cümlədən qısamüddətli aktivləri 3 milyard 484,57 milyon ABŞ dolları (2,8 % az), uzunmüddətli aktivləri 10 milyard 25,219 milyon ABŞ dolları (13,4 % az) qiymətləndirilir.

SGC-nin cari ilin əvvəlinə olan öhdəlikləri 5 milyard 435,611 milyon ABŞ dolları (33,6 % az), o cümlədən qısamüddətli - 628,23 milyon ABŞ dolları (5 dəfə az), uzunmüddətli – 4 milyard 807,381 milyon ABŞ dolları (4,8 % az) təşkil edib.

Şirkətin kapitalı 2024-cü ilin sonuna 8 milyard 74,178 milyon ABŞ dollarına (15,8 % çox) bərabərdir, o cümlədən nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları (dəyişməyib) təşkil edib.

Xatırladaq ki, SGC ölkə Prezidentinin “Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları təşkil edir. Şirkətin səhmlərinin 51 %-i İqtisadiyyat Nazirliyinə, 49 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.