Məmməd Talıbov: "Azərbaycan-Belçika ticarət dövriyyəsi əlaqələrin potensialını göstərir"
- 16 noyabr, 2026
- 20:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Belçika arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 % artıb, bu da iki ölkənin iqtisadi münasibətlərinin əhəmiyyətli potensialının sübutudur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəhbəri Məmməd Talıbov Belçika Kralı Günü münasibətilə təşkil olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Belçika arasındakı münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır: "Hər iki ölkənin öz regionlarında strateji mövqeyi, həmçinin beynəlxalq əməkdaşlığın inkişafına sadiqliyi ikitərəfli əlaqələrin daha da dərinləşməsi üçün əlverişli təməl yaradır".
M.Talıbov ölkələr arasında münasibətlərin inkişafında yüksək səviyyəli əlaqələrin xüsusi rolunu qeyd edib: "Belçikanın sənaye, yüksək texnologiyalar və infrastruktur sahələrindəki ekspert potensialı Azərbaycanın nəqliyyat-logistika imkanları və iqtisadi inkişafı ilə birlikdə tərəfdaşlıq üçün yeni perspektivlər açır".
Departament rəhbəri həmçinin Bakı – Brüssel marşrutu üzrə birbaşa aviasiya əlaqəsinin açılmasını alqışlayaraq qeyd edib ki, bu, xalqlar arasında təmasların genişlənməsinə, turizm və işgüzar əlaqələrin fəallaşmasına, həmçinin ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.
M.Talıbov mina təhlükəsi probleminin həlli istiqamətində Azərbaycanın səylərinin Belçika tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu dəstək mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı üçün şəraitin yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bundan əlavə, o, təhsil, mədəniyyət və digər humanitar sahələrdə əməkdaşlığın inkişafının, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun əhəmiyyətini qeyd edib: "Biz əminik ki, mövcud əməkdaşlıq potensialından səmərəli istifadə Azərbaycan-Belçika münasibətlərinin daha da inkişafına və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək".