Cənub Qaz Dəhlizi “Masdar” ilə birgə sintetik metan yanacağı nəql edə bilər

Energetika
  • 19 may, 2023
  • 08:13
Cənub Qaz Dəhlizi “Masdar” ilə birgə sintetik metan yanacağı nəql edə bilər

Cənub Qaz Dəhlizi (SGC) Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə bu boru kəmərinin mövcud infrastrukturundan istifadə etməklə sintetik metan nəql edə bilər.

“Report”un “Business News Europe” nəşrinə istinadən verdiyi məlumata görə, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin icraçı direktoru Əfqan İsayev Səmərqənd şəhərində keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik toplantısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, SGC “Masdar” şirkəti ilə birlikdə mövcud infrastrukturdan istifadə etməklə sintetik metan kimi yanacaqların boru kəmərləri vasitəsilə, o cümlədən Avropa İttifaqına nəqli imkanlarını araşdırır.

Ə. İsayev Azərbaycandan Avropaya elektrik enerjisinin nəqlinin mümkünlüyünü də qeyd edib.

O bildirib ki, artıq 2022-ci ilin dekabrında imzalanmış sazişə uyğun olaraq, Qafqazdan Cənub-Şərqi Avropaya elektrik enerjisinin çatdırılması üçün Qara dənizin dibi ilə sualtı kabel xəttinin çəkilməsi planlaşdırılır.

Qeyd edək ki, yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində SOCAR ilə “Masdar” şirkəti arasında Azərbaycan 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.

“Masdar” şirkəti 2025-ci ilə qədər Azərbaycanda 1 geqavat həcmində günəş, 2026-cı ilə qədər 1 geqavat həcmində külək enerjisi stansiyalarının tikilməsini planlaşdırır. Şirkətin Azərbaycanda inşa etdiyi qoyuluş gücü 230 MVt olan Qaradağ Günəş Fotovoltaik (PV) Elektrik Stansiyası layihəsi gələn ilin əvvəlində yekunlaşacaq.

Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 %-ə çatdırılması hədəflənir. Sözügədən Sazişlər Azərbaycanla BƏƏ arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək.