“Şahdəniz” yatağından qaz hasilatının həcmi açıqlanıb
- 10 may, 2024
- 10:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (9 milyon barel) kondensat hasil edilib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
“Şahdəniz” yatağından qaz hasilatının həcmi 2023-cü ilin eyni dövrünə olan göstərici ilə eynidir.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 79,5 milyon (ildə 29 milyard) standart kubmetrdir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %) şirkətləri iştirak edir.