Bu il “Şahdəniz” yatağından qaz və kondensat hasilatının həcmi açıqlanıb
- 05 noyabr, 2024
- 09:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan artıq (təqribən 26 milyon barel) kondensat hasil edilib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə üçüncü rüb üzrə biznesə dair yaydığı hesabatda qeyd edilib.
Ötən ilin 9 ayının göstəriciləri ilə müqayisədə qaz və kondensat hasilatının həcmi eyni qalıb.
Hesabat dövründə “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 80,7 milyon (ildə 29,5 milyarddan artıq) standart kubmetrdir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10 %) şirkətləri iştirak edir.