Bu il Azərbaycan neft bitumunun ixracından qazancını 69 % artırıb
- 18 aprel, 2022
- 08:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 33 min 738,69 ton neft bitumu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 7 milyon 896,76 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 22,03 % və 69,2 % çoxdur.
Hesabat dövründə neft bitumu ixracının ölkənin ümumi ixracdakı payı 0,1 % olub.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.