Bu il Azərbaycan karbamid ixracından gəlirini 2,6 dəfə artırıb

Energetika
  • 30 noyabr, 2022
  • 10:30
Bu il Azərbaycan karbamid ixracından gəlirini 2,6 dəfə artırıb

Bu ilin oktyabr ayında Azərbaycan 18,3 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

İcmala görə, bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 1,6 milyon ABŞ dolları və ya 8,04 % azdır.

Bu ilin yanvar-oktyabr ayları ərzində isə Azərbaycan 181,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib ki, bu da 2021-ci ilin 10 aylıq göstəriciləri ilə müqayisədə 112 milyon ABŞ dolları və ya 2,6 dəfə çoxdur.

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.