Bu il Azərbaycan Gürcüstana satdığı təbii qazdan qazancını cüzi artırıb

Energetika
  • 25 oktyabr, 2023
  • 10:27
Bu il Azərbaycan Gürcüstana satdığı təbii qazdan qazancını cüzi artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstana 1 milyard 623 milyon 817,7 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycandan Gürcüstana ixrac edilən təbii qazın dəyəri 269 milyon 091,16 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 8 ayı ilə müqayisədə həcm baxımından 348 milyon 991,29 min kubmetr (17,7 %) azdır, məbləğ baxımından isə 4 milyon 840,65 min ABŞ dolları (1,8 %) çoxdur.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 10 milyard 452 milyon 178,82 min ABŞ dolları dəyərində 17 milyard 391 milyon 448,11 min kubmetr həcmində təbii qaz ixrac edib. Azərbaycanın ümumi ixracında təbii qazın payı 42,92 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana təbii qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə nəql edilir. Boru Kəmərinin 691 km uzunluq (Azərbaycan ərazisində - 443 km, Gürcüstan ərazisində - 248 km) və 42 düym diametr ölçüsündə olan boru kəməridir. Boru kəməri "Şahdəniz" yatağından hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. Türkiyə sərhədinə ilk qaz 2006-cı ildə çatdırılıb. Ətraf mühitə minimal təsir göstərmək məqsədilə CQBK Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz boyu inşa edilib. Boru kəmərinin ilkin nəql qabiliyyəti illik 7,41 milyard kubmetr təşkil edib.