Bu il Azərbaycan 187 min tondan çox neft koksu ixrac edib

Energetika
  • 18 dekabr, 2024
  • 06:11
Bu il Azərbaycan 187 min tondan çox neft koksu ixrac edib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 186 min 588,41 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 15 milyon 894,03 min ABŞ dolları təşkil edib.

Bu, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə müvafiq olaraq 16,1 % və 3,6 dəfə azdır.

Neft koksunun ölkənin ümumi ixracında payı 0,07 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.