Bu il Azərbaycan 167 min tondan çox neft koksu ixrac edib

Energetika
  • 21 noyabr, 2024
  • 07:41
Bu il Azərbaycan 167 min tondan çox neft koksu ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 167 min 067,79 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 14 milyon 159,89 min ABŞ dolları təşkil edib.

Bu, 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə müvafiq olaraq 24,86 % və 4,04 dəfə azdır.

Neft koksunun ölkənin ümumi ixracında payı 0,06 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 17,4 % artıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.