Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
- 04 noyabr, 2024
- 05:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 4-də qaz tədarükü üçün 383 milyon 673 min 292 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 4,54 % azdır.
Kipoi çıxış nöqtəsindən noyabrın 5-dən 10-dək qaz tədarükü üçün 346 milyon 019 min 867 kVt/saat həcmində sifariş alınıb. Bu, oktyabrın 28-nə və 29-na olan sifariş həcmi ilə müqayisədə 5,7 % azdır. Oktyabrın 31-dən noyabrın 3-dək olan göstəriciləri ilə müqayisədə isə təxminən 9,8 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 4-dən 10-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 419 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 4-dən 10-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, oktyabrın 28-dən 31-dək olan sifariş göstəriciləri ilə müqayisədə 30 % azdır. Bu çıxış nöqtəsindən noyabrın 1-dən 3-dək qaz tədarükü isə bu həftənin həcmləri ilə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 4-də 321 milyon 956 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,15 % çoxdur.
Noyabrın 5-dən 10-dək bu çıxış nöqtəsindən 286 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 29-na olan sifariş həcmi ilə müqayisədə 11,2 %, oktyabrın 30-na nisbətən 5,9 %, noyabrın 1-dən 3-nə kimi olan sifariş həcmləri ilə müqayisədə isə təxminən 11 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.