BTC kəməri ilə nəql edilən neftin həcmi 6 %-dən çox artıb

Energetika
  • 13 iyul, 2023
  • 07:43
BTC kəməri ilə nəql edilən neftin həcmi 6 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 19 milyon 649,7 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % çoxdur.

Hesabat dövründə nəqletmənin 76,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar-iyun aylarında bu kəmər vasitəsilə 15 milyon 25,4 min ton neft ötürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,7 %-ini və ya 12 milyon 570,2 min tonunu Azərbaycanda hasil edilən neft, 16,3 %-ini və ya 2 milyon 455,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.