BP və SOCAR bu il “D230” bloku üzrə saziş imzalaya bilər

Energetika
  • 15 noyabr, 2017
  • 09:30
BP və SOCAR bu il “D230” bloku üzrə saziş imzalaya bilər

Bakı. 15 noyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda, Şimali Abşeron hövzəsindəki "D230" perspektiv bloku üzrə sazişin bu ilin sonuna qədər imzalanması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz jurnalistlərə bildirib.

BP-nin regional prezidenti qeyd edib ki, ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə bu barədə müzakirə aparılıb.

Qeyd edək ki, 2016-cı il mayın 24-də BP ilə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Şimali Abşeron hövzəsindəki "D230" blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Blok "D230" suyun dərinliyi 300 metrədək və kollektorun dərinliyi 3 000-5 000 metr olan əraziləri əhatə edir.

Layihədə BP və SOCAR hər biri 50% paya malik olacaq.