BP "SOCAR-КBR" ilə Azərbaycanda karbon izinin azaldılması üzrə müqavilə imzalayıb
- 22 iyun, 2022
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın nəhəng mühəndislik şirkəti КBR və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsi olan "SOCAR-КBR" ilə “BP Exploration” şirkəti Azərbaycanda “Shah Deniz Alpha” (SDA) platformasının ilkin işlənməsi üzrə mühəndis layihəsi (FEED) ilə bağlı müqavilə imzalayıb.
“Report” xəbər verir ki, bu barədə KBR şirkəti məlumat yayıb.
“KBR 1993-cü ildən etibarən Azərbaycan-Gürcüstan-Türkiyə regionunda işləyir ki, bununla da bizə quruda və dənizdə olan yeni və köhnə yataqlarda iş üçün əvəzolunmaz təcrübə qazandırıb”, - “KBR Sustainable Technology Solutions” şirkətinin prezidenti Cey İbrahim bildirib.
Məlumata görə, etibarlı, uzunmüddətli və əlçatan elektrik təchizatını təmin etmək üçün "SOCAR-KBR" şirkəti lokal icra səviyyəsini maksimum həddə çatdırılması, SDA-nın ümumi karbon izinin əhəmiyyətli dərəcədə azaldılması və əməliyyat səmərəliliyinin artırılması üzərində işləyəcək.
C. İbrahim bildirib ki, SDA platformasında olan 5 əsas generatorun istismardan çıxarılması üçün ilkin layihələndirmə xidmətlərini "SOCAR-KBR" həyata keçirəcək. Şirkət, “Shah Deniz Bravo” platformasından KBR-in işləyib hazırladığı qidalanma mənbəyi yaradacaq.
"SOCAR-KBR"in işçi heyətinin 95 %-i azərbaycanlı mühəndislərdən ibarət olacaq. Onlara KBR-in London müəssisələrində çalışan mütəxəssislər dəstək verəcək.
“Birgə müəssisəmiz olan “SOCAR-KBR” sınaqdan çıxmış alətləri, sistemləri, prosedurları və KBR-in həyata keçirdiyi layihələrdən qazandığı təcrübəni SOCAR-ın enerji sektorunda malik olduğu təcrübə ilə uzlaşdırmağa imkan verəcək”, - C. İbrahim əlavə edib.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99 %), SOCAR (21,02 %), LUKOIL (19,99 %), NICO (10 %) və TPAO (19 %) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.
"BP-Azerbaijan” şirkəti 2021-ci ildə “Şahdəniz” yatağından 23 milyard kubmetr qaz hasil edib ki, bu da 2020-ci ilin göstəricisindən 27,1 % çoxdur. 2022-ci ilin I rübündə yataqda 6 milyard kubmetr təbii qaz hasil olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,6 % çoxdur. Bundan başqa, “Şahdəniz” yatağında, təqribən, 9 milyon barel kondensat (1 milyon ton) hasil edilib, bu isə 2021-ci ilin I rübü ilə müqayisədə 15,4 % çoxdur.
Hazırda yatağın hasilat gücü gündəlik 72 milyon kubmetr və ya illik 26 milyard kubmetrdən çoxdur.