BP: “Şahdəniz-2”nin şərq-şimal cinahında hasilatın başlanması qrafikinə uyğun irəliləyib"
- 12 fevral, 2024
- 14:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağının 2-ci mərhələsi layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından 2024-cü ilin əvvəllərinə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2023-cü il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, layihə çərçivəsində şərq-şimal cinahında bütün sistemin istismar üçün təhvil verilməsi başa çatdırılıb: “Hazırda bu cinahın EN03 quyusunun tamamlama əməliyyatları, həmçinin sualtı və təhvilvermə işləri üzrə fəaliyyətlər davam edir”.
Qeyd edilib ki, İl ərzində “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb. “İstiqlal” qazma qurğusu SDF03z quyusunun təkrar tamamlama işlərini və SDF05 quyusunun tamamlama işlərini bitirib.
Ümumilikdə “Şahdəniz- 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
Qeyd edək ki, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb. "Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı birinci mərhələsi çərçivəsində “Alfa” və ikinci mərhələsi çərçivəsində isə “Bravo” platformalarından həyata keçirilir. "Şahdəniz-1” yatağından hasil edilən qazı Gürcüstana, 2007-ci ilin iyul ayından isə Türkiyəyə çatdırır. “Şahdəniz-2” çərçivəsində boru kəmərinin genişləndirilmiş hissəsi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.
Layihədə BP (operator – 29,99 %), "Lukoil” (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.