BP daha 5 beynəlxalq dərsliyi Azərbaycan dilinə tərcümə edib

Energetika
  • 21 oktyabr, 2025
  • 12:13
BP daha 5 beynəlxalq dərsliyi Azərbaycan dilinə tərcümə edib

Bu gün BP daha beş beynəlxalq dərsliyin Azərbaycan dilinə tərcüməsini təqdim edib.

"Report" xəbər verir ki, bununla da BP-nin dünyanın ən qabaqcıl akademik resurslarının Azərbaycana gətirilməsi məqsədi ilə nəşr etdiyi kitabların ümumi sayı 29-a çatıb.

Bu layihə BP-nin yerli universitetlərə dünyada tanınmış qabaqcıl akademik materiallara, bilik və təcrübələrə çıxış imkanı təmin etməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək olmaq üçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir və şirkətin ölkədə ümumilikdə təhsilin inkişafına dəstək olmaq yönümündə uzunmüddətli öhdəliyi çərçivəsində növbəti əhəmiyyətli addımdır.

Bu gün yeni nəşrlərin ictimaiyyətə təqdimatı münasibətilə keçirilmiş tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu beş yeni kitabın təqdimatı ilə şirkətin Azərbaycandakı ən əhəmiyyətli təhsil təşəbbüslərindən birinə yekun vurulub: "İllər ərzində bu layihə elm və təhsil ictimaiyyətinə beynəlxalq aləmdə ən çox istifadə olunan 29 dərslik bəxş edib. Bu dərsliklərin hər biri bizim yerli universitetlərin mütəxəssis heyətləri ilə sıx əməkdaşlıqda, tədris müəssisələrimizin real akademik ehtiyaclarını qarşılayacaq şəkildə seçilib. Bu kitablar tərcümədən daha artıq məna kəsb edir – onlar qlobal biliklərə körpüdür. Bu yüksək keyfiyyətli resursları Azərbaycan dilində əlçatan etməklə ölkə universitetlərinin öz tədris və təlim proseslərini beynəlxalq standartlara uyğunlaşdırmasını dəstəkləmək iştəmişik. Ümid edirik ki, BP-nin hədiyyəsi olan bu kitablar nəsillər boyu tələbələrə və müəllimlərə davamlı və əhəmiyyətli təsiri ilə real dəyər yaradacaq."

Təqdim edilən yeni kitabların siyahısına "Ekonometrikaya giriş. Müasir yanaşma" (Müəllif: Cefri M. Vuldric. Nəşriyyat: "Cengage Learning" 2020, 7-ci nəşr), "Biznes və iqtisadiyyat üçün statistika" (by Anderson, Svini, Vilyams, Kem, Kokran, Frey, Olmann. Nəşriyyat: "Cengage Learning", 2017, 14-cü nəşr), "Statistik nəticəçixartma" (Müəllif: Corc Kasella, Rocer L. Berger. Nəşriyyat: Brooks/cole, "Cengage Learning", 2002, 2-ci nəşr), "Korporativ maliyyə. Əsas prinsiplər" (Müəllif: Riçard A. Bril, Stüart K. Mayers və Franklin Allen. Nəşriyyat: McGraw-Hill/Irwin, 2014, 12-ci nəşr) və "qtisadi idarəetmə və strategiya. Müəllif: Cefri Perlof, Ceyms A. Brander. Nəşriyyat: Pearson, 2014, 3-cü nəşr) daxildir.

Bu nəşrlər yerli universitetlər, kitabxanalar və müvafiq elm və təhsil müəssisələri üçün nəzərdə tutulub. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyaları da tezliklə yerli nəşriyyat olan "TEAS PRESS" nəşriyyat evinin onlayn platformalarında yerləşdiriləcək.

Bütövlükdə dərsliklərin nəşri layihəsinin ümumi dəyəri 2,14 milyon manatdan (təxminən 1,26 milyon ABŞ dollarından) çoxdur. Bu məbləğ son 9 il ərzində nəşr edilmiş 29 dərsliyin hamısına aid olan xərcləri, o cümlədən müəlliflik hüquqlarının alınması, qonorar ödənişləri, tərcümə, ekspert redaktəsi, korrektə, dizayn və çap, rəqəmsal versiyanın hazırlanması və layihənin idarə olunmasını əhatə edir.

Son xəbərlər

Bütün Xəbər Lenti