BP: "Bu il “Şahdəniz” yatağında hasilat platoya çıxacaq"
- 11 mart, 2022
- 15:46
Azərbaycanda iri neft-qaz layihələrinin operatoru olan BP şirkəti bu il “Şahdəniz” yatağında qaz hasilatının plato səviyyəyə çatacağını planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Jurnalistlərə açıqlamasında B.Aslanbəyli vurğulayıb ki, artıq bu il “Şahdəniz-2” yatağından 16 milyard kubmetr, yəni planlaşdırılan maksimum həcmdə qaz hasil ediləcək və qaz hasilatında plato dövrü bir neçə il davam edəcək.
Hazırda Abşeron yarımadası ətrafında Xəzərin dayazsulu hissəsində ikinci kəşfiyyat quyusunun qazılması (SWAP layihəsi) davam edir. Bu quyu və mobillik üzrə işlər başa çatdıqdan sonra “Satti” qazma qurğusu yeni qazma sahəsinə köçürüləcək.
“Bu, SWAP sahəsində qazılması planlaşdırılan üçüncü və sonuncu kəşfiyyat quyusu olacaq”, - B.Aslanbəyli bildirib.
O, həmçinin “Azəri-Çıraq-Günəşli” yatağında yeni platformanın istismara verilməsi vaxtını təsdiqləyib. Bakı yaxınlığındakı gəmiqayırma zavodlarında ACE platforması üçün dayaq blokunun və üst hissələrin tikintisi davam edir.
Azəri Mərkəzi Şərqi (ACE) layihəsindəki irəliləyişi nəzərə alaraq demək olar ki, onun işə salınma tarixi 70 % ehtimalla 2023-cü ildə gözlənilir.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
İkinci kəşfiyyat quyusunun qazma işləri Abşeron Yarımadasının Dayazsulu Hissəsi üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində sahildən təqribən 1,5 km aralı suyun dərinliyi təqribən 7 metrə çatan ərazidə həyata keçirilir. Quyunun ümumi dərinliyinin 4 400 metrə çatacağı planlaşdırılır.