BP AÇG-dən hasilatın həcmini açıqlayıb

Energetika
  • 04 noyabr, 2026
  • 11:54
BP AÇG-dən hasilatın həcmini açıqlayıb

Bu ilin üç rübü ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunda gündəlik hasilat orta hesabla 320 min barel və ya ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton olub.

"Report" xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşlarla birgə bu ilin ilk üç rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, üç rüb üçün AÇG-dən ümumi hasilat – "Çıraq" (18 min 800 barel), "Mərkəzi Azəri" (84 min 600 barel), "Qərbi Azəri" (72 min barel), "Şərqi Azəri" (45 min 700 barel ), "Dərinsulu Günəşli" (46 min 700 barel), "Qərbi Çıraq" (25 min 300 barel) və "Mərkəzi-Şərqi Azəri" (ACE) (26 min 900 barel ) platformalarından təşkil edib.

2026-cı ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 401 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 88 milyon dollar əsaslı məsrəflər xərclənib.

Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 154 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də iştirak payları: BP (operator - 30,37 %), SOCAR (35,3 %), MOL (9,57 %), INPEX (9,31 %), ExxonMobil (6,79 %), TPAO (5,73 %), ONGC Videsh (2,92 %).