Azərbaycan iqtisadiyyatında 2027–2030-cu illərdə orta illik 3,3 % artım planlaşdırılır

Maliyyə
  • 04 noyabr, 2026
  • 13:49
Azərbaycan iqtisadiyyatında 2027–2030-cu illərdə orta illik 3,3 % artım planlaşdırılır

Gələn il Azərbaycanda turizm və informasiya-kommunikasiya sahələrində əhəmiyyətli artım proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün baş tutan iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, cari ildə ümumi daxili məhsulun (ÜDM) təqribən 1,7 % artması ehtimal olunur.

"2027-ci ildə iqtisadi artımın 2,7 %-ə çatacağı, 2027–2030-cu illər ərzində isə orta illik artım tempinin 3,3 % səviyyəsində olacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz sahəsində orta illik artımın 4,4 % həcmində reallaşacağı nəzərdə tutulur. Neft-qaz sektorunda isə 2027-ci ildə 1,8 %, ortamüddətli perspektivdə isə hər il orta hesabla 0,4 % azalma gözlənilir.

İqtisadi inkişafın başlıca hərəkətverici qüvvələri qeyri-neft-qaz sektoru, informasiya və kommunikasiya, turizm və nəqliyyat sahələri olacaq. Ortamüddətli dövrdə qeyri-neft-qaz sənayesində orta illik artımın 7 %-i keçəcəyi, informasiya və rabitə sektorunda 11 %-dən çox olacağı, turizm sahəsində 8 %-i aşacağı, nəqliyyatda təxminən 5 %, kənd təsərrüfatında isə 2,8 % səviyyəsində qalacağı proqnozlaşdırılır", - E. Camalov vurğulayıb.