BCG: Neft-qaz sənayesinə yaxın 25 il ərzində hər il 350 milyard dollar investisiya təıəb olunur

Energetika
  • 25 noyabr, 2025
  • 12:24
BCG: Neft-qaz sənayesinə yaxın 25 il ərzində hər il 350 milyard dollar investisiya təıəb olunur

Neft-qaz sənayesinə yaxın 25 il ərzində təxminən hər il 350 milyard ABŞ dolları məbləğində investisiya tələb olunacaq.

"Report"un məlumatına görə, bunu "Boston Consulting Group" (BCG) şirkətinin idarəedici direktoru və tərəfdaşı Vladimir Roqov Bakıda keçirilən "Xəzər Texniki Konfransı SPE-2025"də bildirib.

Onun sözlərinə görə, son illərin sarsıntıları karbohidrogenlərin strateji əhəmiyyətini və onlara çıxışın təmin edilməsinin vacibliyini bir daha təsdiqləyib:

"Yaxın gələcəkdə həm neftə, həm də qaza tələbat olacaq. Xəzər regionu iki istiqamətdə - həm karbohidrogenlərin böyük mənbəsi kimi, həm də Avropa və Asiya bazarlarına tədarük üçün etibarlı, müstəqil ticarət marşrutu kimi - əsas rol oynayır".

V. Roqov vurğulayıb ki, bu gün dünyada mövcud olan sübut edilmiş və ehtimal olunan ehtiyatlar demək olar ki, heç bir real ssenaridə tələbatı ödəmək üçün kifayət etmir: "Burada yalnız faktiki olaraq əlçatmaz olan emissiyaların tam aradan qaldırılması ssenarisi istisna təşkil edir. Buna görə də yeni investisiyalar qaçılmazdır. Sənayemiz növbəti 25 il ərzində hər il təxminən 350 milyard ABŞ dolları kapital qoyuluşuna ehtiyac duyur".

Eyni zamanda, BCG nümayəndəsi vurğulayıb ki, son beş ildə neft-qaz şirkətləri səhmdarların ödənişlərinə və reinvestisiyanın azaldılmasına fokuslanıblar: "Əgər biz bu ödənişləri qoruyub saxlamaq istəyiriksə, kapital xərclərinə təzyiq artacaq və investisiyalar uğrunda rəqabət güclənəcək. Xəzər regionu kapitalın dünyanın digər hissələrinə deyil, məhz bura gəlməsi üçün öz layihələrinin cəlbediciliyini təmin etməlidir".

O əlavə edib ki, enerji keçidi zamanı gəlirlilik normaları artır və hasilata investisiyalar daha riskli hesab olunur: "İnvestorlar daha sürətli və yüksək gəlirlər tələb edir ki, bu da layihələrə təzyiqi artırır və texnologiyanı, səmərəliliyi və bütün sənayenin iştirakını, xüsusilə Xəzərdə, kritik dərəcədə vacib edir".

V.Roqovun sözlərinə görə, Xəzər regionuna investisiyaların yatırılması cari onilliyin əvvəlində yavaşlamağa başlayıb: "Ötən onillikdə Xəzərə kapital qoyuluşlarının payı digər regionlara nisbətən daha yüksək olub. İndi isə Qazaxıstan və Azərbaycanda böyük layihələrin tamamlanmasından və hasilat mərhələsinə keçməsindən sonra azalma müşahidə edirik. İnvestisiyalar ötən onilliyin göstəricilərindən 50 % aşağı səviyyəyə düşüb və ehtimal ki, növbəti onillikdə daha da aşağı olacaq".

Eyni zamanda, BCG-nin idarəedici direktoru vurğulayıb ki, Xəzər regionunun hələ də böyük potensialı var: "Dünya neft ehtiyatlarının cəmi 2 %-i bizə məxsus olsa da, region dünya üzrə sübut edilmiş qaz ehtiyatlarının 10 %-nə sahibdir ki, bu da gələcək kəşfiyyat və hasilat üçün geniş imkanlar açır".

Son xəbərlər

Bütün Xəbər Lenti