Baş direktor: ICESCO Afrikada təhsilə dəstək layihəsi çərçivəsində Heydər Əliyev Fondu ilə əməkdaşlıq edir
- 27 oktyabr, 2026
- 14:12
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Afrikada qadın və qızların təhsilinə dəstək layihəsi çərçivəsində Heydər Əliyev Fondu ilə əməkdaşlıq edir.
"Report" xəbər verir ki, bunu ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Bakıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihə Burkina-Fasoda başlayıb, daha sonra onun Niger və Çadda həyata keçirilməsi planlaşdırılır.
"ICESCO və Azərbaycanı uzunmüddətli və möhkəm tərəfdaşlıq münasibətləri bağlayır. Biz artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstəririk və bir sıra layihələr həyata keçirmişik. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdüm və ona minnətdarlığımı bildirdim, həmçinin uzun illər ərzində Azərbaycanın dəstəyini almış ölkələrin təşəkkürünü çatdırdım", - o bildirib.
ICESCO Baş direktoru həmçinin Azərbaycan tərəfindən mədəni təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
"Azərbaycan mədəniyyəti inkişaf etdirir və sülhün möhkəmlənməsinə töhfə verir, bu platforma isə çox böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin səhərki çıxışı ilhamvericidir. İnanıram ki, biz səsləndirilən tezisləri həyata keçirə və öhdəliklərdən onların icrasına keçə biləcəyik. Biz məhz buna can atırıq", - o qeyd edib.