Bakıda IAP layihəsinin iştirakçıları görüş keçirəcək

Energetika
  • 24 yanvar, 2022
  • 10:34
Bakıda IAP layihəsinin iştirakçıları görüş keçirəcək

İonik – Adriatik Boru Kəməri (İonian – Adriatic Pipeline – IAP) layihəsinin iştirakçısı şirkətləri bu ilin fevral ayında Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının iclası çərçivəsində görüş keçirəcəklər.

“Report” SOCAR-dakı mötəbər mənbəyə istinadən xəbər verir ki, həmin görüşdə TAP layihəsinə qoşulacaq IAP-da əldə edilən irəliləyiş barədə məlumat bildiriləcək.

2019-cu ilin sentyabr ayında 4 Balkan ölkəsinin qaz nəqli operatoru, yəni “Montenegro Bonus”, “Albgaz”, BH – Gas”, “Plinacro” şirkətləri IAP layihəsinin tikintisinə dair birgə müəssisə təsis etməklə bağlı razılığa gəlib. 2020-2021-ci illərdə pandemiya üzündən dondurulmuş bu layihənin iştirakçıları artıq işləri başa çatdırmaq niyyətindədirlər və yanvarın 18-də IAP işçi qrupunun onlayn görüşündə bu barədə açıqlama veriblər.

İlkin dəyərləndirmələrə görə, Xorvatiyanın Split şəhərindən başlayaraq daha sonra Monteneqro, Albaniya, Bosniya və Herseqovina ərazilərindən keçəcək 540 km-ə yaxın uzunluğa malik, illik ötürmə gücü 5 milyard kubmetr qaz olacaq bu layihənin dəyəri 600 milyon avrodur, amma müvafiq sərmayə qərarı hələ verilməyib. Belə ki, layihə iştirakçıları tikinti işlərinə başlamaq qərarını TAP-ın genişləndirilib-genişləndirilməməsinə görə verəcəklər. Bu məsələnin cari ilin sonunadək həll olunacağı gözlənilir.

“IAP Qərbi Balkanlar və Cənub-Şərqi Avropa ölkələri üçün mühüm əhəmiyyət daşıyır. Bu layihə çərçivəsində hər bir iştirakçı ölkə üçün SOCAR-ın məşvərətilə qazla bağlı ayrıca baş planı hazırlanır. Həmin ölkələrdə təbii qaz daş kömürü əvəzləyə bilər, qaz turbin elektrik stansiyaları da tikiləcək. Həmçinin IAP Krka şəhərindəki LNG terminalına qoşula bilər”, – mənbə qeyd edib.

Bütövlükdə, IAP layihəsi vasitəsilə Albaniya ildə 1 milyard kubmetr, Monteneqro 0,5 milyard kubmetr, Bosniya və Herseqovina 1 milyard kubmetr, Xorvatiya isə 2,5 milyard kubmetr qaz əldə edəcək. Layihənin icrası nəticəsində Avropa İttifaqına Yaxın Şərq və Xəzər regionundan yeni təbii qaz nəqlini nəzərdə tutan 4-cü dəhliz çərçivəsində Cənub-Şərqi Avropa üçün yeni enerji dəhlizinin açılması deməkdir. Bu boru kəməri ilə hər iki istiqamətdə qaz nəqli mümkün olacaq.

IAP layihəsinin texniki iqtisadi əsasnaməsi 2014-cü ilin aprel ayında hazırlanıb və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən onun üçün qrant ayrılıb.

Avropa İttifaqı (Aİ) üzvü olmayan ölkələri də əhatə etdiyi üçün 2021-ci ilin dekabrında Aİ üçün müştərək maraq kəsb edən layihələr siyahısına daxil edilməmiş IAP-nin 2025-ci ildə istismara verilməsi güman edilir.

Azərbaycan 2020-ci ilin sonundan Avropaya təbii qaz ixrac edir. Bu ixracatın əhatəsi Yunanıstan – Bolqarıstan (IGB), Rumıniya – Bolqarıstan, Şimali Makedoniya – Yumamıstan interkonnektorları, BRUA (Bolqarıstan – Rumıniya – Macarıstan – Avstriya) və Serbiya – Bolqarıstan qaz kəmərləri layihələrinin başa çatdırılması ilə daha da genişlənəcək.