Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 8 %-dən çox artıb
- 17 may, 2023
- 14:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 14 milyard 711,7 milyon kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin eyni dövrünə nisbətən 5,7 % artım müşahidə olunub.
Hesabat dövründə qaz nəqlinin 49,9 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu kəmərlə 7 milyard 346,4 milyon kubmetr qaz ötürülüb. Bu, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 8,3 % çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.