Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 6 % artıb

Energetika
  • 14 avqust, 2023
  • 12:22
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 6 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 23 milyard 978,5 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 4,6 % çoxdur.

Hesabat dövrünə qaz nəqlinin 53,1 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 12 milyard 737,9 milyon kubmetr qaz ötürülüb. Bu, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 6 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

44 - Tezliklə