Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-ə yaxın artıb

Energetika
  • 17 yanvar, 2024
  • 08:57
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-ə yaxın artıb

2023-cü ildə Azərbaycanın magistral qaz kəmərləri ilə 39 milyard 806,9 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilə nisbətən 1,4 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 54,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 21 milyard 800,1 milyon kubmetr qaz ötürülüb. Bu, 2022-ci illə müqayisədə 4,8 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

44 - Tezliklə