Azərbaycanın bu il ixrac etdiyi neftin həcmi açıqlanıb
- 16 aprel, 2024
- 11:21
Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 5 milyon 600 min 505,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 3 milyard 490 milyon 147,94 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 17,75 %, dəyəri isə 18,3 % azdır.
Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payı 58,32 % olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.