Azərbaycandan Serbiyaya tədarük edilən qazın həcmi açıqlanıb
- 20 sentyabr, 2024
- 08:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin əvvəlindən Azərbaycan Serbiyaya 26 milyon kubmetrdən çox təbii qaz ixrac edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azərbaycan qazının Serbiyaya tədarükü 2024-cü ilin fevralında başlayıb.
Bu ilin fevral-iyul ayları ərzində Serbiyaya 9 milyon 125,4 min ABŞ dolları dəyərində 26 milyon 36,22 min kubmetr qaz tədarük edilib.
Statistikaya görə, təkcə iyul ayında Azərbaycan Serbiyaya 1 milyon 129,58 min ABŞ dolları dəyərində 3 milyon 023,3 min kubmetr qaz ixrac edib.
Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan olunan) həcmlərdən gedir.
Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” şirkəti arasında 2024-cü ildən başlayaraq Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə 2024-2026-cı illərdə bu ölkəyə 400 milyon kubmetrə qədər Azərbaycan qazının tədarükünü nəzərdə tutur və 2027-ci ildən etibarən bu həcm artırıla bilər.