Kos: Yalnız islahatlarda irəliləyən ölkələr Aİ-yə daxil ola biləcək

Digər ölkələr
  • 12 oktyabr, 2026
  • 12:57
Kos: Yalnız islahatlarda irəliləyən ölkələr Aİ-yə daxil ola biləcək

Yalnız islahatların aparılmasında və zəruri tələblərin yerinə yetirilməsində irəliləyiş əldə edən namizəd ölkələr Avropa İttifaqının üzvü ola biləcəklər.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Lüksemburqda Aİ-nin Xarici İşlər Şurasının iclasının başlamasından əvvəl jurnalistlərə bildirib.

"Avropanın genişlənməsi irəliyə doğru gedir. Biz irəliləyirik. Əgər namizəd ölkələr geriləyirlərsə, onlar yanlış yolla gedirlər və Aİ üzvü ola bilməyəcəklər", - o qeyd edib.

M.Kos vurğulayıb ki, namizəd ölkələr üçün əsas tələblərdən biri təhlükəsizlik, sanksiyalar, energetika və infrastruktur sahəsində Aİ siyasətinə strateji uyğunluqdur: "Biz təhlükəsizliyimizi gücləndirməyəcək yeni üzvləri qəbul etməyə yol verə bilmərik".

Onun sözlərinə görə, yeni üzv dövlətlər Avropa İttifaqını zəiflətməməli, gücləndirməlidirlər.

M.Kos xatırladıb ki, Aİ-yə üzvlük prosesinin son icmalının yekunlarına əsasən, komissiya xüsusi olaraq vurğulayıb: ittifaqın tərkibinə yalnız öz siyasətini onunla strateji cəhətdən uyğunlaşdıran namizədlər daxil ola biləcəklər.

44 - Tezliklə