Azərbaycandan İtaliyaya neft ixracı 15 %-dək azalıb
- 25 mart, 2023
- 06:14
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya 1 milyon 812 min 300,15 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 157 milyon 474,83 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 14,6 %, dəyəri isə 10,1 % azdır.
Bu ilin ilk iki ayında Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 35,02 % olub.
Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 5 milyon 175 min 061,27 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 250 milyon 676,94 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 2 aylıq xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb.