Azərbaycanda "yaşıl enerji" və elektrik şəbəkələrinə qoyulacaq pulun məbləği açıqlanıb

Energetika
  • 20 oktyabr, 2026
  • 12:08
Azərbaycanda yaşıl enerji və elektrik şəbəkələrinə qoyulacaq pulun məbləği açıqlanıb

Azərbaycanda 2027-ci ilə qədər bərpaolunan enerji layihələrinə və elektrik şəbəkələrinin inkişafına yatırılacaq investisiyaların 600 milyon dolları birbaşa şəbəkə infrastrukturunun gücləndirilməsinə yönəldiləcək.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda "yaşıl enerji" kursu yalnız yeni günəş və külək elektrik stansiyalarının tikintisini deyil, həm də istehsal olunan enerjinin elektrik sisteminə etibarlı inteqrasiyasını ehtiva edir: "Bu baxımdan, ötürücü şəbəkələrin gücləndirilməsi, enerji saxlama sistemlərinin yaradılması və müasir idarəetmə texnologiyalarının tətbiqi əsas prioritetlər sırasındadır. Bu istiqamətdə 2027-ci ilə qədər bərpaolunan enerji layihələrinə və elektrik şəbəkələrinin inkişafına təxminən 2,6 milyard ABŞ dolları investisiya yatırılması planlaşdırılır ki, bunun da 600 milyon dolları birbaşa şəbəkə infrastrukturunun gücləndirilməsinə yönəldiləcək. Artıq bu çərçivədə bir sıra mühüm infrastruktur layihələri həyata keçirilir".

Nazir əlavə edib ki, 500/330/10 kV-luq "Nəvai" yarımstansiyasının tikintisi davam etdirilir: "Cəbrayılda 560 MVA gücündə 330 kV-luq "Şəfəq" yarımstansiyası, eləcə də "Şəfəq" GES-də istehsal olunacaq enerjinin "Virtual Enerji Ötürülməsi Mexanizmi" vasitəsilə "Səngəçal" terminalına çatdırılmasını təmin etmək məqsədilə 750 MVA gücündə 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyası istismara verilib. Bundan əlavə, Cəbrayılda 200 MVA gücündə 33/110 kV-luq "Üfüq-Şəms" yarımstansiyasının tikintisi başa çatdırılıb, enerjinin sistemə inteqrasiyası üçün 12 kilometr uzunluğunda 110 kV-luq ikidövrəli "Cəbrayıl YS - Nobel GES" hava elektrik verilişi xətti çəkilib".