Azərbaycanda neft hasilatının 2027-2030-cu illər üzrə proqnozları müəyyənləşib

Energetika
  • 12 noyabr, 2026
  • 12:22
Azərbaycanda neft hasilatının 2027-2030-cu illər üzrə proqnozları müəyyənləşib

Gələn il Azərbaycanda neft hasilatının 26 milyon 562,1 min ton səviyyəsində olacağı nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu rəqəm 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 3,6 % az təşkil edir.

2028-ci ildə Azərbaycanda neft hasilatının 26 milyon 069,2 min ton həcmində olacağı proqnozlaşdırılır ki, bu da 2027-ci ilin neft hasilatı proqnozuna nisbətən 1,9 % azdır. 2029-cu ildə ölkədə neft hasilatının 26 milyon 633,2 min ton, 2030-cu ildə isə 26 milyon 309,1 min ton təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 19 milyon 860,1 min ton xam neft hasil edilib. Bu həcmin 19 milyon 809,8 min tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövrü ərzində neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 3,9 % azalıb.

Xatırladaq ki, 2026-cı il üzrə Azərbaycanda neft hasilatı 27,6 milyon ton həcmində proqnozlaşdırılıb ki, bu da 2025-ci ilin proqnoz göstəricisindən 3,2 % az təşkil edir. 2024-cü ildə Azərbaycanda 29,1 milyon ton neft hasil olunub ki, bu da 2023-cü ilin göstəricisindən 3,6 % azdır.

44 filmi