Azərbaycanda istehsal olunan elektrik enerjisinin 40 %-i regionun daxili tələbatını ödəyib

Energetika
  • 20 oktyabr, 2025
  • 10:33
Azərbaycanda istehsal olunan elektrik enerjisinin 40 %-i regionun daxili tələbatını ödəyib

Ötən il Azərbaycanda istehsal olunan 573 milyon kVt·saat elektrik enerjisinin 40 %-i regionun daxili tələbatını ödəyib, 60 faizi isə ölkənin ümumi enerji sisteminə ötürülüb.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Nazir bildirib ki, su elektrik stansiyalarının ümumi gücünün 500 MVt-a çatdırılması planına uyğun olaraq, indiyə qədər 307 MVt gücündə 38 stansiya istismara verilib: "Bu, il ərzində 800 milyon kVt·saatdan çox "yaşıl enerji"nin istehsalı, 200 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, istixana qazı emissiyalarının isə 400 min tondan çox azalması deməkdir. Hazırda Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində özəl investisiyalar hesabına 13 MVt gücündə 4 kiçik su elektrik stansiyasının tikintisi davam edir, 2026-cı ildə isə 5 əlavə stansiyanın istifadəyə verilməsi planlaşdırılır".

P. Şahbazov deyib ki, Araz çayı üzərində 100 MVt gücündə "Xudafərin" və 40 MVt gücündə "Qız Qalası" su elektrik stansiyalarının tikintisinə başlanması üçün tender prosesinə hazırlıq görülür: "Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək və damüstü panellər hesabına istehsal gücünün 1,6 QVt-a çatması gözlənir, bu isə daxili tələbatdan iki dəfə artıq enerjinin "Cəbrayıl" enerji qovşağı vasitəsilə ixracına və bölgədə yeni imkanların yaranmasına yol açacaq.

O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan enerji potensialından geniş və səmərəli istifadə çərçivəsində Cəbrayılda 340 MVt gücündə günəş elektrik stansiyaları inşa ediləcək: "Kəlbəcərdə isə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədilə "Baltech" şirkəti tərəfindən dəniz səviyyəsindən 3100 metr yüksəklikdə külək potensialının ölçülməsinə başlanılıb".

Son xəbərlər

Bütün Xəbər Lenti