Azərbaycanda 2025-ci ilə qədər təbii qaz hasilatı və tələbat artacaq: PROQNOZ

Energetika
  • 04 noyabr, 2022
  • 09:54
Azərbaycanda 2025-ci ilə qədər təbii qaz hasilatı və tələbat artacaq: PROQNOZ

Azərbaycanda 2015-2024-cü illər ərzində təbii qaza tələbat 35 %-dən çox artacaq və bu artım tendensiyası 2024-cü ildən sonra da davam edə bilər.

"Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) "Şahdəniz" qaz-kondensat yatağının genişləndirilməsi layihəsinin başa çatması ilə bağlı hesabatında qeyd olunub. Bu layihənin həyata keçirilməsinə bank 526 milyon ABŞ dolları məbləğində kommersiya kreditlərinin 95 %-ni əhatə edəcək kredit zəmanəti verib.

Hesabata görə, Azərbaycanda qaz hasilatı 67 % artaraq 2015-ci ildəki 29 milyard kubmetrdən 2024-cü ildə 48 milyard kubmetrə çatacaq.

ADB hesab edir ki, “Şahdəniz” layihəsi 2020-ci ildə ölkənin ümumi qaz hasilatını 27,6 % artıraraq ildə 37 milyard kubmetrə çatdırmağa kömək edib.

“Gözlənilirdi ki, layihə 2021-ci ildən başlayaraq Azərbaycanda qaz hasilatının 50 %-dən çox artmasına, regionda və ondan kənarda qaz ixracının artmasına töhfə verəcək. Regional əməkdaşlığın və ticarətin yaxşılaşdırılması 2020-ci il strategiyasının əsas istiqamətləri olub və 2030-cu il strategiyasının 7 əməliyyat prioritetindən biridir.

Bundan əlavə, ölkənin ÜDM-in 2016-cı ildəki 3,1 %-lik azalmadan 2019-cu ildə 2,2 %-ə yüksəlməsi “Şahdəniz-2”də hasilata başlanması, eləcə də qeyri-neft iqtisadiyyatının genişlənməsi fonunda baş verib", - hesabatda deyilir.

ADB-nin proqnozlarına görə, yatağın iqtisadi ömrünün sonuna kimi Azərbaycanda qaza tələbat artacaq və ya ən azı Avropada olduğu kimi sabit qalacaq: “Lakin təbii qazın karbon tullantıları olmayan yanacağa keçid yanacağı kimi qəbul edilməyə başladığı Avropada çox güman ki, yaxın 10-20 il ərzində qaza tələbat sabitləşəcək və hətta biometan, yaxud hidrogen qazının hasilat qazını tədricən əvəz etməsi ilə 2050-ci ilə yaxın azalmağa başlayacaq.

Beləliklə, “Şahdəniz” yatağından hasil edilən qazın satışının bundan sonra da münasib qiymətə həyata keçiriləcəyini güman etmək olar. Bu, kondensata da aiddir. Bundan əlavə, “Şahdəniz” qazı Avropanın enerji təhlükəsizliyini gücləndirdiyindən, o, yaxın gələcək üçün Avropanın enerji bazarını qidalandırmaqda davam edəcək”.

Hesabata görə, Avropaya təbii qaz tədarükünün artırılması Avropa İttifaqının iqlim dəyişikliyi səylərini artıracaq, çünki təbii qazın (bərpa olunan enerji mənbələri ilə birlikdə) kömürlə hasil edilən elektrik enerjisini əvəz edəcəyi gözlənilir.

“Kömürlə işləyən elektrik stansiyalarından mərhələli imtina Aİ-nin 2050-ci ilə qədər iqlim cəhətdən neytral iqtisadiyyata keçid etməsinə yönəlmiş Avropa Yaşıl Sazişinə uyğundur və Avropa İttifaqının Paris Sazişi ilə üzərinə götürdüyü istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə 2030-cu ilə qədər ən azı 40 % azaltmaq öhdəliyinə əsaslanır”, - bank hesab edir.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2023-cü ildə ölkədə qaz hasilatının 46 milyard 761,6 milyon kubmetr, 2024-cü ildə 49 milyard 352,7 milyon kubmetr (5,54 %-lik artım), 2025-ci ildə 49 milyard 107 milyon kubmetr (0,5 %-lik azalma), 2026-cı ildə isə 48 milyard 035,6 milyon kubmetr (2,2 %-lik azalma) təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, “Şahdəniz” qaz yatağı 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük yataqlarından biridir. Qaz yatağının işlənməsi dövlət, SOCAR, “Cənub Qaz Dəhlizi” QSC və BP-nin rəhbərlik etdiyi dörd beynəlxalq şirkət arasında dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir.

Bakıda 2013-cü il dekabrın 17-də imzalanmış sənədlərə görə, "Şahdəniz" yatağının işlənməsi ilə bağlı müqavilənin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb. Layihədə BP (operator – 29,99 %), AzSD (14,35 %), "SGC Upstream" (6,67 %), "LUKoil" (19,99 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

44 - Tezliklə