Azərbaycanda 10 ayda mazut istehsalı 5 dəfədən çox artıb
- 18 noyabr, 2024
- 13:09
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26,9 min ton mazut istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 dəfə çoxdur.
Ümumilikdə, bu ilin 10 ayında Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 4 milyard 314,9 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 2,6 % çoxdur.
Eyni zamanda, bu ilin 10 ayında ölkədə 1 milyon 201 min ton həcmində avtomobil benzini istehsal edilib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 % azdır.
Bu ilin 10 ayında ölkədə 1 milyon 967 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 1,7 % çoxdur.
Hesabat dövründə 56,3 min ton sürtkü yağları, 236,9 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 10 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 13,3 %, neft bitumunun istehsalı isə 2,7 % artıb.
Həmçinin, ilin yanvar-oktyabr aylarında ölkədə 166,3 min ton maye qazlar, 554,8 min ton ağ neft, 173,8 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 16 %, neft koksunun istehsalı 11,1 % azalıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı 11,1 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.