Azərbaycan Xorvatiyaya neft ixracından gəlirini 63 %-dən çox artırıb
- 19 dekabr, 2024
- 06:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Xorvatiyaya 1 milyon 436 min 178,5 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 873 milyon 398,6 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun həcmi 61,1 %, dəyəri isə 63,25 % artıb.
Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 6,7 % olub.
Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13 milyard 304 milyon 395,4 min ABŞ dolları dəyərində 21 milyon 555 min 781,6 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb.