Azərbaycan və Vyetnam külək və günəş enerjisi layihələrini müzakirə edib - YENİLƏNİB

Energetika
  • 09 sentyabr, 2026
  • 11:30
Azərbaycan və Vyetnam külək və günəş enerjisi layihələrini müzakirə edib - YENİLƏNİB

Azərbaycan və Vyetnamın "ROX Energy Global" şirkəti arasında külək və günəş enerjisi layihələri müzakirə edilib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazov "ROX Energy Global" şirkətinin baş icraçı direktoru Pham Minh Tuan ilə görüşündə aparılıb.

Görüşdə şirkətlə Azərbaycanda 200 MVt gücündə külək enerjisi layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Layihə üçün ərazilərin müəyyənləşdirilməsi, texniki-iqtisadi əsaslandırmanın hazırlanması və külək ölçmələrinin aparılması kimi tədbirlər nəzərdən keçirilib.

Həmçinin Naxçıvanda günəş enerjisi layihəsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Naxçıvanda bərpa olunan enerji layihələrinin inkişafı regionun "Yaşıl Enerji Zonası" konsepsiyasına və "yaşıl enerji" ixracı planlarına uyğun olaraq həyata keçirilir. Potensial günəş enerjisi layihəsi üçün ərazi imkanları, enerji sisteminə inteqrasiya və istehsal ediləcək elektrik enerjisinin reallaşdırılması məsələlərinə toxunulub. Bu xüsusda Naxçıvanın Azərbaycanın əsas enerji sistemi ilə əlaqələndirilməsi, həmçinin Naxçıvan-Türkiyə elektrik bağlantısının yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Naxçıvandan Türkiyə istiqamətində enerji ixracına imkan verəcək infrastrukturun inkişafının strateji əhəmiyyəti qeyd olunub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə "ROX Group" SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan və Vyetnam arasında Naxçıvanda 200 MVt-lıq külək və günəş enerjisi layihələrinin həyata keçirilməsi müzakirə olunub.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir vurğulayıb ki, bu barədə müzakirələr Vyetnamın "ROX Energy Global" şirkətinin baş icraçı direktoru Pham Minh Tuan ilə keçirilən görüşdə aparılıb.

"200 MVt gücündə külək enerjisi layihəsi üzrə görülən işləri və Naxçıvanda günəş enerjisi layihəsinin həyata keçirilməsi imkanlarını müzakirə etdik", - deyə nazir bildirib.

O qeyd edib ki, Naxçıvanın enerji sisteminin gücləndirilməsi, Türkiyə ilə elektrik bağlantısının yaradılması və "yaşıl enerji"nin Türkiyə bazarına ixracı kontekstində yeni layihələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə Vyetnamın "ROX Group" SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd, Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və biznes forumu çərçivəsində imzalanıb. Bu Anlaşma Memorandumu batareya saxlama sistemləri, şəbəkədən kənar və şəbəkəyə qoşulan günəş enerjisi sistemləri, quruda və dənizdə külək enerjisi, hidrogen və ammonyak istehsalı sahəsində əməkdaşlığı nəzərdə tutur.