Azərbaycan Türkiyəyə qaz satışından qazancını təxminən 67 % artırıb
- 15 fevral, 2024
- 14:02
2023-cü ildə Azərbaycan Türkiyəyə 10 milyard 854 milyon 265 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Türkiyəyə ixrac edilən Azərbaycan qazının dəyəri 3 milyard 681 milyon 484,94 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci illə müqayisədə həcm baxımından 4 milyard 689,8 min kubmetr və ya 58,4 %, məbləğ baxımından isə 1 milyard 473 milyon 211,11 min ABŞ dolları (66,7 %) çoxdur.
2023-cü ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 26 milyard 623 milyon 473,52 min kubmetr həcmində təbii qaz ixrac edib. İxrac edilən təbii qazın dəyəri 13 milyard 678 milyon 344,14 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci illə müqayisədə 40,38 % çox, dəyəri isə 8,75 % azdır.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,35 % olub.
2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Qeyd edək ki, Azərbaycanın təbii qazı həcmləri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.
Həmçinin, Azərbaycandan Türkiyəyə təbii qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə nəql edilir. CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBK-in genişləndirilməsi layihəsi üzrə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.
CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), TPAO (19 %) və NİKO (10 %) çıxış edirlər.