Azərbaycan Türkiyəyə qaz nəqlini 1 %-dən çox artırıb
- 29 may, 2025
- 12:53
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 2 milyard 715,24 milyon kubmetr təbii qaz ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2024-cü ilin ilk 3 ayı ilə müqayisədə 1,5 % çoxdur.
Bu ilin mart ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 43,38 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,2 % çoxdur.
Bununla da mart Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 17,4 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycan Türkiyəyə 1 milyard 20,93 milyon kubmetr təbii qaz ixrac edib.
Ümumilikdə isə bu ilin yanvar-mart aylarında Türkiyə 18 milyard 848,11 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni rübü ilə müqayisədə 13,4 % çoxdur.
Təkcə martda isə Türkiyə ümumilikdə 5 milyard 996,21 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 35,91 % çoxdur.
Martda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. Ay ərzində Rusiyadan Türkiyəyə 1 milyard 790,5 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin ilk 3 ayı ilə müqayisədə 6,07 % azdır.
Martda ikinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 1 milyard 490,05 milyon kubmetr qaz nəql edib. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə ABŞ-dən Türkiyəyə qaz nəqli 3,35 dəfə artıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.