Azərbaycan Trinidad və Tobaqonun enerji sahəsinə investisiya imkanlarını araşdırır
- 13 noyabr, 2026
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Trinidad və Tobaqonun enerji sahəsinə mümkün investisiya qoyuluşlarına maraq göstərir.
"Report" Trinidad və Tobaqonun Energetika və Enerji Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Ernesto Kesarın Azərbaycanın Braziliyadakı, eyni zamanda Ekvador, Qayana, Surinam və Trinidad və Tobaqoda akkreditə olunmuş səfiri Rəşad Novruzla görüşünün yekunlarına dair məlum olub.
Səfirin Trinidad və Tobaqoya rəsmi işgüzar səfəri çərçivəsində keçirilən görüşdə beynəlxalq energetika əməkdaşlığının genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Eyni zamanda, İkitərəfli münasibətlər, energetika sahəsində əməkdaşlıq və perspektivli investisiya imkanlarına diqqət yetirilib.
Nazir xam neft və təbii qaz ehtiyatlarının dayanıqlı şəkildə işlənməsi, idarə olunması və iqtisadi dövriyyəyə cəlb edilməsi sahəsində tanınmış karbohidrogen istehsalçıları olan Trinidad və Tobaqo ilə Azərbaycanın ortaq prioritetlərini vurğulayıb. O, milli inkişafa təkan vermək və uzunmüddətli iqtisadi artımı təmin etmək məqsədilə karbohidrogen resurslarından maksimum iqtisadi fayda əldə etməyin vacibliyini vurğulayıb. Səfir isə, Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, beynəlxalq energetika investisiyaları və enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki təcrübəsini bölüşərək, ölkənin infrastruktur potensialını və onun qonşu Avropa bazarları üçün əhəmiyyətini xüsusi qeyd edib.
Azərbaycan nümayəndə heyəti Trinidad və Tobaqonun energetika sektoruna potensial sərmayə qoyuluşunda maraqlı olduğunu bildirib. Hər iki tərəf qarşılıqlı faydalı tərəfdaşlığın formalaşdırılması üçün dialoqun davam etdirilməsinin və bilik mübadiləsinin vacibliyini təsdiqləyib. Danışıqlar nazirliyin beynəlxalq enerji tərəfdaşlığının inkişafı, investisiyaların cəlb edilməsi, həmçinin Trinidad və Tobaqonun tanınmış regional enerji resursları istehsalçısı kimi mövqelərinin möhkəmləndirilməsi kursuna dəyişməz sadiqliyini nümayiş etdirib.