Azərbaycan TANAP ilə qaz nəqlini 5 %-dən çox artırıb

Energetika
  • 13 may, 2025
  • 12:35
Azərbaycan TANAP ilə qaz nəqlini 5 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 1,9 milyard kubmetrə yaxın qaz nəql edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-aprel ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilib ki, bu, illik müqayisədə 0,1 milyard kubmetr və ya 5,55 % çoxdur.

Ümumilikdə, bu ilin ilk 4 ayında Azərbaycandan xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib ki, bu da daha əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,5 milyard kubmetr və ya 5,9 % azdır.

Eyni zamanda, ilin yanvar-aprel aylarında Azərbaycan Avropaya 4 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə Avropaya qaz satışı 0,2 milyard kubmetr və ya 4,76 % azdır.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə 3,1 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 milyard kubmetr və ya 3,12 % azdır. Gürcüstana qaz ixracı isə 0,2 milyard kubmetr və ya 18,2 % azalıb.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.