Azərbaycan Rusiyaya neft ixracından gəlirini 60 % artırıb
- 17 avqust, 2022
- 09:27
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Rusiyaya 628,1 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 371,9 min ABŞ dolları təşkil edib.
7 aylıq ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 %, dəyəri isə 59,9 % çoxdur.
Azərbaycandan Rusiyaya ixrac edilən xam neftin ümumi ixracında payı 0,004 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 16 milyon 414 min 905 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.Bu miqdarda məhsulun dəyəri 12 milyard 397 milyon 710 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 59 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 22 milyard 565 milyon dolları ixracın, 7 milyard 494 milyon dolları isə idxalın payına düşüb.