Azərbaycan Rumıniyaya neft ixracını 2 dəfəyə yaxın artırıb
- 22 may, 2024
- 14:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Rumıniyaya 344 min 418,52 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 212 milyon 236,45 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycandan Rumıniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 95,24 %, dəyəri isə 88,67 % çoxdur.
Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 4,97 % olub.
Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyon 928 min 455,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən 4 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 4 milyard 364 milyon 589,72 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,1 % azalıb, idxal isə 3,1 % artıb.