Azərbaycan qazının Avropaya tədarükünün artırılması imkanları müzakirə edilir

Energetika
  • 13 may, 2024
  • 07:08
Azərbaycan qazının Avropaya tədarükünün artırılması imkanları müzakirə edilir

Bolqarıstan təbii qaz tədarükünü artırmaq üçün Azərbaycanla danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri vəzifəsini icra edən Vladimir Malinov Bolqarıstan Milli Televiziyasının efirində deyib.

“Bolqarıstan hazırda təkcə Yunanıstan vasitəsilə deyil, həm də Türkiyə vasitəsilə təbii qaz tədarükünü artırmaq üçün Azərbaycanla danışıqlar aparır. Hazırda ölkəmizə “mavi yanacağın” təxminən 35 %-i məhz Xəzər dənizindən Yunanıstan vasitəsilə, yəni Cənub Qaz Dəhlizi vasitəsilə tədarük edilir”, - o bildirib.

V.Malinov vurğulayıb ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərbəst bazarda satdığı əlavə həcmlər də var ki, onlar Türkiyə vəsitəsi ilə daxil olur: “Lakin bu həcmlərin qiymətləri Bakı ilə imzalanmış uzunmüddətli müqavilədəkindən yüksəkdir”.

Nazir ötən həftə Bolqarıstan Prezidenti Rumen Radevi müşayiət edən nümayəndə heyətinin tərkibində Bakıya səfəri zamanı azərbaycanlı həmkarı Pərviz Şahbazovla bu məsələ ilə bağlı danışıqlar apardığını bildirib: “Danışıqlar zamanı uzunmüddətli müqaviləni müzakirə etdik, ona əsasən SOCAR və Türkiyə Xəzər regionundan əlavə qaz həcmlərinin nəqli imkanlarını təmin edəcəklər. Biz gözləyirik ki, bu tədarüklər hesabına SOCAR Bolqarıstan bazarında qaz satışını artıracaq, həmçinin qaz nəqli şəbəkəmiz vasitəsilə əlavə həcmlər Mərkəzi və Şərqi Avropa bazarlarına çatacaq”.

Xatırladaq ki, ötən il Bolqarıstana 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı nəql edilib. Bu il tədarükün həcmi 1,5 milyard kubmetr olacaq.

44 - Tezliklə